Hindistanda Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçiriləcək
Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-nə kimi Hindistanın Nyu Dehli şəhərində səfərdə olacaq.
Deputat Azərbaycan Respublikasının Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan, Azərbaycanın Müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində Qələbəsinin ildönümünə həsr edilmiş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumları, parlament üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcək.
Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi