Sumqayıtda şəhid Murad Məmmədovun xatirəsi yad edilib
Milli Məclisin deputatları Emin Hacıyev və Müşfiq Məmmədli 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Murad Yusif oğlu Məmmədovun Sumqayıt şəhərində keçirilən il mərasimində iştirak edib, şəhidin ailəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə şəhidin ordu sıralarındakı xidmətlərindən, Vətən müharibəsindəki hünərindən bəhs olunub, ruhuna dualar oxunub. Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının məhz igid oğulları sayəsində öz torpaqlarını 30 illik işğaldan azad etməyə, düşmən üzərində Zəfər çalmağa nail olduğu qeyd edilib.
Könüllü müraciət edərək döyüşə yollanan Murad Məmmədov 2020-ci il oktyabrın 25-də Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi