MDB PA-nın komissiyalarında
Oktyabrın 29-da MDB PA-nın 2 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib.
Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Kamilə Əliyeva MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında iştirak ediblər. İclasda 17 məsələyə baxılıb. Öncə təşkilati məsələ həll olunub, Milli Məclisin komitə sədri Bəxtiyar Əliyev yenidən MDB PA-nın Elm və təhsil üzrə Daimi komissiyasının sədr müavini seçilib.
Sonra gündəlikdəki növbəti məsələlər müzakirəyə çıxarılıb. Komissiya üzvləri “Əqli fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması haqqında”, “Elmi və elmi-texniki fəaliyyət subyektlərinin dövlət attestasiyası (akkreditasiyası) haqqında” model qanun layihələrini, MDB-yə üzv dövlətlərin model İnformasiya Məcəlləsinin yeni redaksiyasının layihəsini, eləcə də “Elmi və elmi-texniki ekspertiza haqqında” model qanunda dəyişiklik edilməsinə dair layihəni ətraflı müzakirə ediblər.
İclasda bir sıra Tövsiyə layihələrinə də baxılıb. Elm və təhsil sahələrində model qanun yaradıcılığının perspektiv istiqamətlərinə, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq dəstəklənməsi tədbirlərinə, təhsil sahəsində rəqəmsallaşmanın normativ tənzimlənməsinə, valideynlərlə maarifləndirici işin aparılmasına, MDB-yə üzv dövlətlərdə müasir əczaçılıq təhsili sisteminin formalaşdırılmasına, süni intellektdən istifadənin tənzimlənməsinə və digər məsələlərə dair Tövsiyə layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
***
Milli Məclisin deputatları Rauf Əliyev və Tamam Cəfərova MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının iclasında iştirak ediblər. İclasda 14 məsələyə baxılıb.
Öncə gündəlikdəki qanunvericilik məsələlərinə diqqət yönəldilib. “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların yeni redaksiyada təqdim olunmuş layihələri müzakirə edilib. MDB dövlətləri üçün model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada hazırlanması məsələsinə baxılıb. Deputatlar mədəniyyət və turizm sahələrində rəqəmsal inkişaf üzrə model qanun yaradıcılığının perspektiv istiqamətlərinin təhlili layihəsinin hazırlanması barədə fikirlərini bölüşüblər. .
Sonra komissiyada MDB PA-nın və dövlətlərarası “Mir” teleradio şirkətinin “Dostluq ağacı” medalı ilə, həmçinin MDB PA-nın mədəniyyət və incəsənət, mətbuat və informasiya, bədən tərbiyəsi, idman və turizm sahələrinə dair Fəxri döş nişanları ilə və qurumun Çingiz Aytmatov adına mükafatı ilə təltiflər üçün təqdimatlar hazırlanması məsələsi nəzərdən keçirilib.
İclasda Milli Məclisin deputatı, MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının sədr müavini Rauf Əliyev bir sıra fikirlərini bölüşüb.
Hər iki iclasın yekununda bu Daimi komissiyaların 2022-ci ilə dair iş planları müzakirə olunub, növbəti iclasların vaxtı və ilkin gündəliyi müəyyənləşdirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi