MİLLİ MƏCLİSİN İCLASINDA 2013-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Tədbirlər
14 noyabr 2012 | 06:11   
Paylaşın:        

Milli Məclisin noyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
2013-cü ilin dövlət büdcəsi layihəsinin geniş müzakirəsi zamanı bir sıra təkliflər səsləndirildi. Deputatlar növbəti ilin büdcə zərfində müəllimlərin, həkimlərin, büdcədən maliyyələşən təşkilatlarda çalışan 700 minə yaxın insanın əmək haqlarının artırılmasının və sovet dövründə banklarda qalmış əmanətlərin qaytarılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulmasını yüksək qiymətləndirdilər. Millət vəkilləri elm və təhsil sahəsində çalışan professor-müəllim heyətinin əməkhaqlarının artırılması, kənd təsərrüfatının, aqrar sektorun inkişafı, yolların bərpası, səhiyyə müəssisələrinin təmiri və yenidən qurulması, tibbi sığorta sisteminin tətbiqi, rayonların qazlaşdırılması, ipoteka kreditlərinə ayrılan vəsaitin həcminin artırılması, sosial mənzillərin tikintisi, tarixi abidələrin bərpası, sərhədyanı bölgələrin inkişafı üçün xüsusi tədbirlərin görülməsi və bir sıra digər məsələlərlə bağlı təkliflərini bildirdilər.
Qeyd edildi ki, 2013-cü ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz nəzərdə tutulmuşdur ki, bu da ölkə rəhbərliyinin sosialyönümlü siyasətə sadiq qaldığını bir daha sübut edir. Gələn ilin dövlət büdcəsində sosial ipoteka məqsədilə ayrılan vəsaitlərin, o cümlədən elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərclərinin  artırılması təqdirəlayiq hal kimi diqqətə çatdırıldı. Çıxışlarda dövlət büdcəsinə gəlir gətirən sahələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulandı.
İş gününün sonunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iki gündür Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir. Artıq müzakirələr başa çatdı. Milli Məclisin sabahkı iclasında hökumət üzvlərinin qaldırılan məsələlərə dair fikirləri dinləniləcək, sonra isə büdcə zərfinə daxil olan sənədlər müzakirə ediləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti
 
 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU