Tərtər rayonunda Vətən müharibəsinin şəhidləri ehtiramla yad edilib
Milli Məclisin deputatı Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tərtərin müxtəlif kəndlərində keçirilən anım mərasimlərində iştirak edib.
44 günlük Vətən müharibəsində tarix yazan qəhrəman oğullarımızdan olan Yasən Alim oğlu Mehdiyev Tərtərin Sarıcalı kəndində uyuyur. Anım günündə şəhidin həyat və döyüş yolundan söhbət açılıb, doğmaları və yaxınları Yasən Mehdiyevlə bağlı xatirələrini bölüşüblər.
20 yaşında şəhadətə qovuşan bu igid eloğlumuzun Xocavənd istiqamətində gedən döyüşlərdə mərdlik və şücaət göstərdiyi, mənfur düşmənə qarşı əzmlə vuruşduğu, döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi bildirilib. Yasən Alim oğlu Mehdiyevin ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunduğu qeyd edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə razılıq bildirilib.
***
Tərtər rayonunun Xoruzlu kəndində Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin törətdiyi hərbi cinayətin qurbanı olmuş mülkı şəhid Orxan Rəhbər oğlu İsmayılzadənin anım mərasimi keçirilib.
Mərasimdə qeyd olunub ki, ərazi bütövlüyümüz uğrunda əks-hücum əməlyyatının davam etdiyi günlərdə erməni nasistləri müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini dəfələrlə ağır artilleriya silahlarından atəşə tutdular. Onlar beynəlxalq hüquqa, müharibə qaydalarına məhəl qoymadan Azərbaycanın mülki əhalisinə qarşı barbarlıq törətdilər. 24 oktyabr 2020-ci il tarixdə Tərtər şəhəri və ətraf yaşayış məntəqələri növbəti dəfə atəşə tutularkən Xoruzlu kənd sakini, 2004-cü il təvəllüdlü Orxan Rəhbər oğlu İsmayılzadə də şəhid oldu.
Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən erməni hərbi cinayətləri cəzasız qalmamalı, beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır. Mərasimlərdə
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləkləri səslənib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi