Braziliyalı senator Gəncə və Ağdam şəhərlərinə səfər edib

Tədbirlər
01 noyabr 2021 | 08:48   
Paylaşın:        

Oktyabrın 31-də ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərinə səfər edib.

Dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib. Qonaq ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olub.

Qonağı müşayiət edən Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli və Gəncədən seçilmiş deputat Müşviq Cəfərov ona məlumat veriblər ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Antonio Anastasiya həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.

Senator Gəncə şəhərindəki pravoslav, alban və lüteran kilsələrini də ziyarət edib.

 

*   *   *

 

Sonra Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Ağdam şəhərində olub.

Qonağa məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Qonaq Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, Ağdam Cümə məscidini ziyarət edib, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olub.

Braziliyalı senatora Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Səfərin yekununda senator Antonio Anastasiya Gəncə və Ağdamla bağlı təəssüratlarını KİV nümayəndələri ilə bölüşüb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU