Milli Məclisin sədri Sahibə Qafarova Estoniya parlamentinin nümayəndə heyəti ilə görüşüb
Noyabrın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Estoniya parlamentinin – Riiqikoqunun Azərbaycanla parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Estoniya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Ölkələrimiz və xalqlarımız arasında həmişə yaxşı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Bu münasibətlərin inkişafında hakimiyyətin mühüm qolu olan parlamentlərin rolu danılmazdır. Gələn il 1992-ci ildə yaradılmış diplomatik münasibətlərimizin 30 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında əlaqələrin hüquqi bazası formalaşdırılıb. Münasibətlərimizi inkişaf etdimək üçün real potensialımız daha çoxdur və parlamentlərarası münasibətlərimizin inkişafı iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrimizin inkişafına dəyərli töhfələr verə bilər.
Bir neçə gün əvvəl Estoniya Riiqikoqunun Azərbaycanla parlament qrupunun ölkəmizin “Zəfər Günü” ərəfəsində verdiyi bəyanatı yüksək qiymətləndirən Sahibə Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə və Riiqikoquda parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. Hər iki ölkənin deputatlarının beynəlxalq parlament təşkilatlarında əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanlar var.
Milli Məclisin sədri görüşdə estoniyalı deputatlara 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə də məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın beynəlxalq sənədlərdə də əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək öz torpaqlarını işğaldan azad etdiyini deyib. Bildirib ki, bununla da ölkəmiz öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirib.
Spiker qeyd edib ki, Azərbaycan 30 il ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bu münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.
Spiker vurğulayıb ki, Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Spiker "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə istinad etməyin də yolverilməz olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Zəngəzur dəhlizinin yaradılması isə region ölkələrinin rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Sahibə Qafarova onu da vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O, xatırladıb ki, Ermənistan üçtərəfli bəyanatlarda əksini tapan bütün öhdəliklərini yerinə yetirdikdən sonra Azərbaycan sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Artıq bu istiqamətdə müsbət siqnallar gəlməkdədir.
Sahibə Qafarova qonaqlara xatırladıb ki, Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif xalqların və millətlərin nümayəndələri bərabər yaşayır. Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasəti olmaqla yanaşı, həm də bir yaşayış tərzidir.
Görüşdə Estoniya parlamentinin – Riiqikoqunun Azərbaycanla parlament qrupunun sədri Sven Sester ölkəsində Azərbaycana böyük rəğbət bəsləndiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın Estoniyadakı səfirinin və diasporunun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Estoniya həmişə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Sven Sester Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin də tezliklə digər rayonlar kimi çiçəklənən bölgəyə çevriləcəyinə əminliyini ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi