Estoniyalı parlamentarilər Milli Məclisdə

Tədbirlər
01 noyabr 2021 | 18:42   
Paylaşın:        

Noyabrın 1-də Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizdə səfərdə olan Estoniya Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova qonaqları salamlayaraq onları Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasındakı münasibətlərdən danışaraq  Estoniya parlamenti ilə daha sıx əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Estoniya parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sester yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanla münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib.

Parlamentarilər bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından, Azərbaycanın regionun inkişafı naminə həyata keçirdiyi təşəbbüslərdən, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən, o cümlədən ticarət dövriyyəsinin artırılması potensialından bəhs ediblər.

Görüşdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev qonaqlara Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlaması, Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticə verməməsi barədə məlumat verib. Sülh imkanlarının tükənməsindən sonra Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul edilmiş 4 məlum qətnaməsini öz gücünə yerinə yetirərək torpaqlarını Ermənistanın işğalından azad etdiyini vurğulayıb.

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Səfərov Ermənistanın beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarından bəhs edib. O, qonaqlara Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iftiralara dəlil-sübutlarla və  beynəlxalq hüquq prizmasından aydınlıq gətirib.

Görüşdə Estoniya-Azərbaycan parlament qrupu sədrinin müavini Mixail Korb və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU