Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsi şəhidi Zaur Nudirəliyevin anım tədbirində iştirak edib

Tədbirlər
02 noyabr 2021 | 17:20   
Paylaşın:        

Noyabrın 2-də Bakının Nərimanov rayonunda “Vətən Müharibəsi Qəhrəmanı”, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, şəhid Nudirəliyev Zaur İsmayıl oğlunun anım tədbiri keçirilib.

Tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar  Hikmət Məmmədov, Rasim Musabəyov, Nərimanov RİH başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin və  ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim çərçivəsində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Nudirəliyev Zaur İsmayıl oğlunun İkinci Fəxri Xiyabanda məzarı ziyarət edilib, şəhidlərimizin ruhuna dualar oxunaraq, xatirələri ehtiramla yad olunub.

Tədbirdə çıxış edənlər Zaur Nudirəliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Ermənistanın 30 il müddətində işğal altında saxladığı tarixi torpaqlarımızı düşmən işğalından azad etməsi bir daha ölkəmizin gücünü, qüdrətini dünyaya göstərdi. Məhz şəhid Zaur Nudirəliyev kimi oğullarımızın hesabına Azərbaycan döyüş meydanında misli görünməmiş Zəfər qazandı.

Şəhidlərimiz bu tarixi qələbəni bizə bəxş edərək, şanlı tariximizin ən parlaq səhifələrini öz qanları ilə yazdılar. Bu zəfər yürüşümüzdə qəhrəmancasına şəhid olmuş Zaur Nudirəliyev ölümündən sonra ”Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdardır.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU