Hüquq siyasəti və dövlət quruculuğu komitəsində
Noyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub. İclasda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.
Gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təqdim olunan amnistiya sənədi ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Preambulada çox ciddi arqumentlər səslənir və amnistiyanın zərurəti vurğulanır. Sənəddə amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb.
İclasda Əli Hüseynli onu da qeyd edib ki, parlament tərəfindən sonuncu amnistiya 2016-cı ildə qəbul olunub. Amma bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır. Amnistiyanın preambulasında da qeyd olunduğu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktıdır. Statistik təhlillərə istinadən amnistiyanın əhatə dairəsi barədə danışan Əli Hüseynli bir daha ifadə edib ki, 8 Noyabr – Zəfər Günü münasibətilə elan ediləcək amnistiya Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcək.
Sonra komitənin iclasında “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi geniş müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitənin üzvləri Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Elşən Musayev, Tahir Kərimli, Nizami Səfərov sənədin humanist mahiyyətindən bəhs ediblər. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsini Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndiriblər.
İclasın yekununda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Sabir Hacıyev, Vüqar İsgəndərov, Erkin Qədirli, Madər Musayev və Bəhruz Məhərrəmov iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi