Suraxanıda Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad olunur
Milli Məclisin deputatları Afət Həsənova və Etibar Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayondakı idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, bələdiyyə təmsilçiləri, şəhid ailələri, qazilər və məktəblilərlə birgə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərimizin anım mərasimlərində iştirak ediblər.
Öncə şəhidlərin məzarları ziyarət olunub, üstünə gül-çiçək dəstələri düzülüb. Bütün Azərbaycan şəhidlərinin xatirəsi sonsuz ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasimlərində deputat Etibar Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbədən söz açıb. Döyüşlərin getdiyi 44 gün ərzində dövlət başçımızın milli maraqlarımızı qətiyyətlə müdafiə etdiyini, hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədiyini, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydığını, xaricdən gələn təzyiqlərə cəsarətlə sinə gərdiyini, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik və müdriklik rəmzinə çevrildiyini qeyd edib. Azərbaycan Prezidentinin şəhidlərin ruhuna böyük ehtiramından, şəhid ailələrinə tükənməz qayğısından bəhs edib.
Mərasimlərdə adını tarixə yazan Suraxanı şəhidlərinin həyat və döyüş yolundan söhbət açılıb. Doğmaları, döyüş yoldaşları Azərbaycan xalqının yetişdirdiyi igidlərdən ürək dolusu danışıblar. Çıxışlarda vətənpərvər oğulların nəsillərə örnək olacaq qəhrəmanlıq hekayələri səhifələnib.
Bildirilib ki, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan gizir Ruslan Rəcəb oğlu Rəcəbov Vətən müharibəsində şəxsi igidlik və mərdlik nümayiş etdirib, düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını şücaətlə yerinə yetirib, Xocavənd uğrunda döyüşlərdə şəhadətə ucalıb. Ruslan Rəcəbovun xüsusi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə, ölümündən sonra "Qarabağ" ordeni ilə, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edilib ki, Əmircan qəsəbə sakini Nazim Nadir oğlu Kirxlarov da ötən payız sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında Azərbaycanımızın ərazi bütövlüyü uğrunda əzmlə döyüşərək Qubadlı döyüşlərində şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Doğmaları deyiblər ki, Məhəmməd Fizuli oğlu İsmayılzadə ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinin başlandığı ilk gündən könüllü olaraq müharibəyə yollanıb. Atası Füzulinin Birinci Qarabağ müharibəsində göstərdiyi şücaəti təkrarlayıb. Ön cəbhədə döyüşə atılan Məhəmməd cəsurluğu ilə düşmənə göz dağı verib, qızğın döyüşlərdə çiyin-çiyinə vuruşduğu döyüş yoldaşlarını müdafiə edərkən qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd olunub ki, Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan tarixi Qələbənin qazanılmasında Orxan Sərvər oğlu Qəhrəmanovun özünəməxsus xidmətləri var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında cəsarətlə iştirak edən bu igidimiz Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümayiş etdirib. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid ailələrinin üzvləri Vətən müharibəsində hünər göstərən, fədakarlıqla döyüşərək şəhadətə ucalan Suraxanı şəhidləri sırasında Cavid Qorxmaz oğlu Cabarzadənin, Mürsəl Kamil oğlu Kazımlının və Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddətdə Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynamış iqtisadçı, baş leytenant Mixail Hamlet oğlu Həmidovun da “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildiklərini bildiriblər. Onların vətənpərvərliyindən danışıblar, torpaqlarımızın 30 illik işğalına son qoyulması üçün əks-hücum əməliyyatında əzmlə döyüşdüklərini deyiblər.
Bildirilib ki, Vətən müharibəsində kəşfiyyatçı-snayper olaraq döyüşən Coşqun Oruc oğlu Orucov Xocavənd rayonu ərazisində, Şuşa rayonuna gedən yolda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. O, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bildirilib ki, 44 günlük müharibədə vəzifə borcunu şərəflə yerinə yetirən Fərhad Məhərrəm oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. Şəhidin anım günündə adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirlərdə bu igidlərin vaxtilə oxuduqları təhsil ocaqlarının – Suraxanı rayonundakı 317, 104, 316, 278, 315 saylı tam orta məktəblərin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Anım mərasimlərində deputatlar Afət Həsənova və Etibar Əliyev Vətən üçün belə dəyərli övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə, ailə üzvlərinə minnətdarlıq bildiriblər. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi