Estoniya parlamentinin nümayəndələri Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

Tədbirlər
03 noyabr 2021 | 18:50   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 3-də Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə gəlib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanışlıq olub.

Qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər müşayiət ediblər.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.

Ağdam şəhərinin Baş planı ilə tanış olan qonaqlara həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU