Gənclərin milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar və qazilər Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konfransda iştirak ediblər.
“Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda təşkil olunmuş konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra konfransda Vətən müharibəsinin müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi və bu birlik, Müzəffər Ali Baş Komandanın rəhbərliyindəki Rəşadətli Ordumuzu Qələbəyə ruhlandırdı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşümüz əzəli və əbədi Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi ilə yekunlaşdı. 44 gün davam edən Zəfər yürüşündə Azərbaycan gücünü Ermənistana və onun havadarlarına göstərdi, Şanlı üçrəngli bayrağımız Vətən göylərində dalğalandı. Məhz bu tarixi qalibiyyətimizə görə Vətənini öz canından, qanından artıq tutan qəhrəmanlarımıza borcluyuq. Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən, ölkə başçımız tərəfindən diplomatik müstəvidə aparılan uğurlu gedişlər nəticəsində tam təslim oldu və kapitulyasiya aktını imzaladı.
Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra, Azərbaycan ərazisini birdəfəlik tərk etdi. Ermənistanın tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edən Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı idi.
Adil Əliyev yarixi torpaqlarımızın işğaldan azad edilməsində şəhid olan Vətən övladlarına Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə isə şəfa diləklərini ifadə edib.
Konfransda digər çıxış edənlər diqqətə çatdırıblar ki, İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında gənclərin vətənpərvərlik hissinin yüksək olması böyük rol oynayıb. Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvər ruhda yetişməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən bəhs edən çıxışçılar bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyətinin alqışalayiq olduğunu vurğulayıblar.
Eyni zamanda, qeyd edilib ki, gənclərin dövlət və milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır. Bu baxımdan nəsillərarası dialoqun daha da dərinləşməsi xüsusi əhəmiyyətə malikdir.
Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, Azərbaycan xalqının birliyi və həmrəyliyimiz sayəsində dövlətimizin daha böyük qələbələr qazanacağına əminlik ifadə olunub.
Vətən müharibəsində qazanılan parlaq Qələbədən danışan Vətən müharibəsi iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda YAP Nizami rayon təşkilatı və Türk Ağsaqqalları Birliyi tərəfindən Vətən müharibəsi qazilərinə mükafatlar və təşəkkürnamələr təqdim edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi