MİLLİ MƏCLİSİN İCLASINDA BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Milli Məclisin noyabrın 15–də keçirilmiş iclasında Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ötən iki gün ərzində gələn ilin dövlət büdcəsi geniş müzakirə olunmuş, deputatlar bir sıra məsələlərlə bağlı rəy və təkliflər səsləndirmişlər. Bu iclasda maliyyə naziri və iqtisadi inkişaf nazirliyinin nümayəndəsi deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəcəklər.
Əvvəlcə maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatlar tərəfindən qaldırılan sualları cavablandırdı. Nazir, büdcə layihəsində neftin 1 barelinin qiymətinin 100 ABŞ dolları göstərilməsi ilə bağlı risklərin yaranacağı barədə deputatların iradlarına münasibət bildirərək dedi ki, dövlət büdcəsinin gəlirlərinin bir qismi gömrük və vergi orqanlarından daxilolmalar və Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaqdır. Büdcəyə Dövlət Neft Fondundan transfert neft rəqəmləri ilə bağlı deyildir. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Nazir qeyd etdi, mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaqdır. Hökumət beynəlxalq vəziyyəti izləyir və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər. Lakin hökumətin hesablamalarına görə, dövlət büdcəsinin gəlirlər hissəsinə dəyişikliklər gözlənilmir.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının artırılması ilə bağlı məsələyə aydınlıq gətirən nazir diqqətə çatdırdı ki, 2004-cü ildən bu günədək minimum aylıq əmək haqlarının baza hissəsi təqribən 10 dəfədən çox artmışdır. Həkim və müəllimlərin əmək haqları 11 dəfə artırılmışdır. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar artırılacaqdır. Lakin, əhalinin sosial müdafiəsi tədbirləri bununla bitmir. Azərbaycanda möhtəşəm sosial layihələr həyata keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu cür tədbirlər gələn ildə də davam etdiriləcəkdir. Son illərdə olduğu kimi gələn ilin də dövlət büdcəsi daha çox investisiya yönümlüdür. 2013-cü ilin dövlət büdcəsində sosial xərclərdə heç bir azalma baş verməyib, əksinə artım görünür.
Sonra iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deputatların qaldırdıqları məsələlərə münasibət bildirdi. O dedi ki, ölkənin iqtisadi inkişaf konsepsiyası hazırlanmış və həmin sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişaf istiqamətləri müəyyən olunmuşdur. Konsepsiyada maşınqayırma, kimya, metallurgiya, yüngül sənaye, turizm əsas sahələr kimi müəyyənləşdirilmişdir.
Nazir müavini bildirdi ki, gələn 10 ildə ÜDM-in həcmini 2 dəfədən çox artırmağı, adambaşına düşən gəliri 13 min dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Gələn il qeyri-neft sektorunda 11,7 faiz artım gözlənilir. Büdcəyə qeyri-neft sektorundan vergi gəlirləri 14,7 faizə çatacaqdır. Qeyri-neft sektorunun, xüsusən ticarət sektorunun geniş miqyaslı dəstəklənməsi üçün tədbirlər görüləcəkdir. Hazırda Azərbaycanda sənayenin modernləşdirilməsi, sənayeləşmə həyata keçirilir. Sevinc Həsənova bildirdi ki, Azərbaycanda gəmiqayırma zavodu, mineral gübrə zavodu tikilir. İnfrastrukturu inkişaf etdirən layihələrin həyata keçirilməsi də qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir. Orta müddətli büdcə çərçivəsində tranzit yollarının, Cənub-Şimal dəhlizinin tikintisi başa çatacaqdır.
Sevinc Həsənova subsidiya mexanizminin təkmilləşdirildiyini də xüsusi qeyd etdi. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya sistemi hazırlamışdır.
İqtisadi inkişaf nazirinin müavini diqqətə çatdırdı ki, regionların inkişaf etdirilməsi ən əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Bu sahədə birinci proqram başa çatmış, artıq ikinci proqramın icrasına başlanılmışdır.
Çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Milli Məclisin iki gün davam edən iclaslarında 2013-cü ilin dövlət büdcəsi geniş müzakirə olunmuşdur. Hökumət iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirmək üçün parlamentdən vaxt istəmişdir. Hökumətə bu məqsədlə vaxt verilir. Rəy və təkliflərə baxıldıqdan sonra büdcə zərfi yenidən parlamentə qaytarılacaq və səsvermə olacaqdır.
Daha sonra Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan digər qanun layihələri müzakirə edildi.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında məlumat verdi, bəzi rəqəmləri müqayisəli şəkildə təhlil etdi.
DSMF-nin sədri Səlim Müslümov isə bildirdi ki, gələn il üçün fondun gəlirləri 2 milyard 632 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 178 milyon 700 min manat və ya 7,3 faiz çoxdur. Qeyd olundu ki, 2013-cü ildə 1 milyon 279 min nəfər pensiyaçının olması nəzərdə tutulur ki, bu da cari ildən 1100 nəfər çoxdur. Fondun gəlirlərinin əsas hissəsi onların pensiyalarının ödənilməsinə sərf ediləcək. Diqqətə çatdırıldı ki, pensiyaların çatdırılması sisteminin 99 faizi artıq avtomatlaşdırılmışdır.
Fondun büdcəsinin müzakirəsi zamanı çıxış edən deputatlar əhalinin pensiya və müavinətlərini almalarını daha da asanlaşdırmaq üçün ölkənin şəhər və rayonlarında bankomatların sayının artırılmasının vacibliyini vurğuladılar. Eyni zamanda yeni doğulmuş uşaqlara verilən birdəfəlik müavinətlərin məbləğinin artırılması da məqsədəuyğun hesab olundu.
Çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasında 2013-cü ildə yaşayış minimumu adambaşına 116, əmək qabiliyyətlilər üçün 125, pensiyaçılar üçün 94, uşaqlar üçün 93 manat nəzərdə tutulmuşdur. Ölkədə ehtiyac meyarı isə 93 manat olacaqdır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü sosial siyasətin uğurlu nəticəsidir ki, bu rəqəmlər ötən illərlə müqayisədə əsaslı surətdə artmışdır.
Daha sonra Parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında” məlumat verdi. O bildirdi ki, Milli Məclisin və onun Aparatının 2013-cü il üçün xərclər smetası 18 milyon 529 min 231 manat məbləğində nəzərdə tutulmuşdur. Bu vəsaitin 67,2 faizi əmək haqlarının ödənməsinə sərf olunacaqdır.
İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” məsələyə də baxıldı. Palatanın sədri Heydər Əsədov diqqətə çatdırdı ki, Hesablama Palatası üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait Palatanın səmərəli fəaliyyəti üçün kifayət edir.
Bununla da Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti