Milli Məclisdə məişət zorakılığına qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
Noyabrın 4-də Milli Məclisdə “Məişət zorakılığına qarşı mübarizə: beynəlxalq öhdəliklər və milli mexanizmlər (Türkiyə və Azərbaycan təcrübəsi)” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masaya moderatorluq edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Türkiyədən olan qonaqların da iştirak etdiyi tədbirin Zəfər Günü ərəfəsinə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan və Türkiyənin bu gün bir çox sahələrdə ortaq layihələr həyata keçirdiyini deyən Məlahət İbrahimqızı dövlət başçılarının əsasını qoyduğu bu ənənənin parlamentlər səviyyəsində də davam etdirildiyini vurğulayıb. Qadınlara qarşı zorakılığın müasir dövrün ən aktual problemi kimi qalmasından təəssüflə bəhs edən moderator bugünkü dəyirmi masanın Türkiyə və Azərbaycan parlamentləri arasında məsələ ilə bağlı təcrübə mübadiləsinin aparılmasına həsr olunduğunu qeyd edib.
Sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda zorakılığa qarşı mübarizənin qanunvericilik bazasının yaradılması istiqamətində görülən işlərdən, bu işdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərindən söz açıb. O, Türkiyə və Azərbaycanın oxşar ailə modellərinə diqqət çəkib, ailədaxili zorakılığın səbəblərinin ciddi araşdırılmasına ehtiyac olduğunu vurğulayıb və bugünkü tədbirin də həmin məqsədə xidmət edəcəyinə inamını bildirib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Qadınlara Qarşı Şiddətin Araşdırılması Komissiyasının rəhbəri, AK Parti Mərkəzi Qərar və İdarə heyətinin üzvü Öznur Çalık qadınlara qarşı zorakılıqla bağlı təqdimatla çıxış edib.
Komissiyasının rəhbəri təqdimatında qadına qarşı zorakılıqla mübarizə sahəsində Türkiyədə görülən işlərdən, qanunvericilik bazasından, qadın iştirakçılığının artırılmasından danışıb. Öznur Çalık qadına qarşı şiddətin növlərindən, səbəblərindən, şiddətin qadınlara təsirindən, müşahidə olunan simptomlarından bəhs edib. Qadınların əsasən ailələrdə zorakılığa məruz qaldığını, şiddətin ailə fərdlərinə, xüsusən uşaqlara mənfi təsir göstərdiyi vurğulayıb. Qadına qarşı cinayətlərlə və şiddətlə mübarizənin dövlət siyasəti halına gətirməyin önəmini qabardan qonaq şiddətə məruz qalan qadınların qorunması tədbirlərinin vacibliyindən, bu sahədə dövlət qurumlarının üzərinə düşən məsuliyyətdən danışıb.
Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin hüquqi əsasları mövzusunda çıxış edib. Deputat Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin normativ-hüquqi bazasının istiqamətlərindən, gender bərabərliyi sahəsində əldə edilən müsbət nəticələrdən bəhs edib.
Ölkəmizdə qadın və uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu deyən Əminə Ağazadə aparılan institusional islahatlar, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması üçün görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq departamentinin müdiri Taliyə İbrahimova isə “Qadınlara qarşı zorakılıq insan hüquqları kontekstində” mövzusu ətrafında danışıb. Bu sahədə Azərbaycandakı ümumi vəziyyətin təsvirini verən Taliyə İbrahimova məişət zəminində törədilən cinayətlərin strukturu, müraciətlərin araşdırılması, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmini, tibbi, hüquqi və sosial yardımların göstərilməsi, həmçinin Azərbaycan Respublikasında Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.
Dəyirmi masada TBMM-in Səhiyyə, ailə, əmək və sosial işlər Komissiyasının üzvü Tuba Vural Çokal, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitənin üzvü Tamam Cəfərova çıxış ediblər, gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə barədə fikirlərini bildiriblər.
Yekunda məişət zorakılığına qarşı mübarizə üzrə Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsinin genişləndirilməsinin, parlament səylərinin birləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Məzahir Əfəndiyev, Nigar Arpadarai, Sevil Mikayılova, Könül Nurullayeva, Jalə Əhmədova, Fatma Yıldırım, Afət Həsənova, Bəhruz Məhərrəmov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi