İtaliya senatorları Zəfər Günü münasibətilə azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin birinci ildönümü münasibəti ilə İtaliya senatorları Stefano Luçidi və Canluka Ferrara Zəfər Günü münasibətilə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə təbrik məktubları ünvanlayıblar.
İtaliya Senatında Xarici işlər və mühacirət komissiyasının sədri, senator Stefano Luçidi başçılıq etdiyi İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun adından Azər Kərimliyə ünvanlandığı məktubda Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə müvafiq olan suverenliyinin və ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibətilə azərbaycanlı həmkarlarını ürəkdən təbrik edib.
Təbrikində Stefano Luçidi vurğulayıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi və ardınca 9-10 noyabr tarixlərində üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan tarixində yeni mərhələ başlandı.
Senator möhtəşəm Zəfər Günü münasibəti ilə ən xoş və səmimi salamlarını yetirib, ölkəmizə sülh, sabitlik və firavanlıq arzulayıb.
***
İtaliya Senatında hakim “5 Ulduz Hərəkatı” Partiyasının vitse-prezidenti, senator Canluka Ferrara həmkarı Azər Kərimliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə səmimi təbriklərini çatdırıb. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrlə ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edib.
Senator Canluka Ferrara vurğulayıb ki, ona işğaldan azad edilmiş ərazilərə səfər etmək və bu torpaqların azadlığı uğrunda mübarizə aparmış insanların xatirəsinə ehtiramını bildirmək kimi unikal fürsət nəsib olub.
Təbrik məktubunda bölgədəki əhəmiyyətli irəliləyişi alqışlayan italyan senator ümidvar olduğunu bildirib ki, müharibə və münaqişə keçmişdə qalıb, nəhayət, uzunmüddətli sülhə nail olunub. Azərbaycanın lider olduğu, fundamental rol oynadığı regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın və rifahın təmin edilməsi üçün barışıq son dərəcə mühüm əhəmiyyətə malikdir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi