Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına məktub ünvanlayıb

Tədbirlər
05 noyabr 2021 | 18:17   
Paylaşın:        

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Zəfər Günü münasibətilə Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşır Feyziyevə məktub ünvanlayıb.

Məktubda ötən il Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasından, iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv hücuma keçməsindən təəssüf ifadə olunur. İcmalar Palatasının üzvü bu hadisələrin ildönümü münasibətilə münaqişə zamanı insanların həlak olmasından və ya yaralanmasından kədərləndiyini bildirib. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu mülki əhalinin sıx məskunlaşdığı əraziləri və mülki obyektləri bombalaması birmənalı olaraq lüzumsuz və düşünülmüş şəkildə həyata keçirilmiş addım idi. Hər kəsə aydın idi ki, Ermənistanın yaşayış məntəqələrinə və mülki şəxslərə qəsdən hücumu beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Mülki əhalinin hədəf kimi seçilməsi Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil olan taktikadır ki, bunu 1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı əyani sübut edir.

Məktubda deyilir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Böyük Britaniya Qarabağda yeni eranın bərpa və quruculuq dövrü olacağına ümid edir.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU