Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olunub
Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.
Xüsusilə, Prezident cənab İlham Əliyevin cari ilin yanvar ayının 25-də imzaladığı şəhid ailələri və qazilərə yönəlmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı qeyd olunanların bariz nümunəsidir. Ölkə başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə məşğulluq problemi aradan qaldırılır.
Azərbaycan Respublikası Milli Məclisi digər istiqamətlərdə olduğu kimi, bu sahədə də ölkəmizdə həyata keçirilən dövlət siyasətinə töfhə vermək, şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbçilərimizə dəstək məqsədilə görülən işlərdə fəal iştirak edir. Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarının vəziyyəti daim diqqətdə saxlanılır, onlarla müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhid ailələrinin üzvləri və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub. Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulmuş və şücaət göstərmişdir. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirmişdir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi