Peru konqresmeni Xose Enrike Ceri Ore Azərbaycan şəhidlərinə ehtiramını bildirib

Tədbirlər
06 noyabr 2021 | 14:47   
Paylaşın:        

Azərbaycan xalqını Zəfər Gününə qovuşduran, Vətən müharibəsində Qələbəni təmin edən igidlərin hünəri, şəhidlərin xatirəsi ölkəmizin hüdudlarından uzaqlarda da ehtiram qazanıb. Respublikaçı konqresmen, SOMOS PERU parlament qrupunun üzvü Xose Enrike Ceri Ore Azərbaycanın Perudakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbova ünvanladığı məktubda Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramını Azərbaycan xalqına çatdırmağı rica edib.

          Məktubda qeyd olunub ki, 2020-ci ildə yeni hərbi təcavüzün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın  hərbi təxribatlarına cavab tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğalda saxlayan Ermənistanın işğalçı siyasətinə son qoyulub.  Ərazi bütövlüyünü bərpa edən Azərbaycan öz xalqının fundamental hüquqlarını təmin etməyə – məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz evlərinə qayıda bilməsinə nail olub.

Peru Konqresinin üzvü Xose Enrike Ceri Ore 27 sentyabr – Anım Gününü Azərbaycan Respublikasının tarixində yeni dövr açan, regiondakı reallıqları dəyişdirən, beynəlxalq ədaləti bərqərar edən əlamətdar hadisə kimi xarakterizə edib. Bu əlamətdar tarixdə – Anım Günündə qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək Vətənin azadlığı uğrunda vuruşaraq qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizin xatirəsinə sonsuz ehtiramını bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU