Deputat Əminə Ağazadə şəhid baş gizir Nahid Mikayılovun ailəsini ziyarət edib

Tədbirlər
06 noyabr 2021 | 14:57   
Paylaşın:        

Milli Məclisin deputatı Əminə Ağazadə Kürdəmirin Vətən müharibəsi şəhidi baş gizir Nahid Soqat oğlu Mikayılovun ailəsini ziyarət edib.

Millət vəkili şəhidin xanımı Jalə Mikayılova və 3 övladı ilə görüşüb, onların dərdlərinə şərik olub, qayğı və problemləri ilə maraqlanıb.

Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Baş gizir Nahid Mikayılov 2020-ci ilin oktyabrın 30-da Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. Nahid Mikayılov Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid baş gizir Nahid Mikayılov ölümündən sonra hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU