Deputat Rəşad Mahmudov Astara rayonunda şəhidlərin anım günlərində iştirak edib
Deputat Rəşad Mahmudov 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Astaranın Məsidməhəllə kəndinin yetirməsi, polkovnik-leytenant Orucov Nail Rəfail oğlunun anım günündə iştirak edib, ailə üzvlərinə başsağlığı verib. Bildirib ki, şəhidimizin yadigar qalmış üç oğlu onun bizlərə əmanətidir. Şəhidlərimizin ailələrini hər cür qayğı ilə əhatə etmək bizim müqəddəs borcumuzdur.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Orucov Nail Rəfail oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
********
Deputat Rəşad Mahmudov Vətən Müharibəsində şəhid olmuş qəhrəman Vətən oğlu - Astaranın Alaşa kənd sakini Nəhmətov Telman Təyyar oğlunun da anım günündə iştirak edib, şəhidin ailə üzvlərinə ehtiramını bildirib, başsağlığı verib.
Qeyd edək ki, şəhid Nəhmətov Telman Təyyar oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi