Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda təntənəli bayram tədbiri keçirilib
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda təntənəli bayram tədbiri keçirilib.
Ölkəmizin İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və işləyən həmvətənlərimiz, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva bayram münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov Qələbənin Prezident İlham Əliyevin doğru siyasəti, şanlı Ordumuzun qəhrəmanlığı sayəsində əldə edildiyini bildirib.
Qeyd edilib ki, daim Azərbaycanın yanında olan Türkiyə bu mübarizədə də bizə çox böyük mənəvi dəstək göstərdi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi amilini şərtləndirir.
Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu.
Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında danışan deputat hazırda dövlətimiz tərəfindən bu ərazilərin infrastruktur, komunikasiya kimi bir çox sahələrinin yenidən qurulduğunu, yeni hava limanlarının inşa edildiyini vurğulayıb.
Digər çıxış edənlər Qarabağ Zəfərini bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi