Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub

Tədbirlər
07 noyabr 2021 | 13:17   
Paylaşın:        

Vətən müharibəsində böyük Qələbənin birinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankarada rəsmi qəbul təşkil edilib.

Tədbirdə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin üzvləri, qardaş ölkənin hökumət və dövlət nümayəndələri, silahlı qüvvələrinin qoşun növü komandanları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ankaradakı diplomatik korpus nümayəndələri, qazilərimiz, tanınmış siyasətçilər, ictimai xadimlər, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Rəsmi qəbulda öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr əsasında hazırlanan film nümayiş olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun çıxışlarında minnətdarlıq hissi ilə qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən Türkiyə dövləti 84 milyonluq xalqı ilə birlikdə Azərbaycanın yanında oldu.

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müharibədə əldə edilən Qələbə BMT Təhlükəsizlik Şurasının uzun illər boyu icra edilməyən qətnamələrini həyata keçirdi, üçrəngli Azərbaycan bayrağı Şuşa qalasında dalğalanmağa başladı.

Tədbirdə çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Türkiyənin qardaş Azərbaycana dəstəyi 44 günlük müharibə ilə məhdudlaşmır, bundan sonra da bütün sahələrdə davam edəcək və bunun nəticəsində sadəcə Azərbaycan və Türkiyə yox, bütün bölgə ölkələri əmin-amanlıq, rifah içində yaşayacaq.

Sonra tədbir bədii proqramla davam edib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU