Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər Günü münasibətilə Milli Məclisə təbrik ünvanlayıb
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 8 noyabr – Zəfər günü münasibəti ilə Milli Məclisə təbrik məktubu ünvanlayıb.
Məktubda TBMM-in deputatı Milli Məclisə və onun timsalında bütün Azərbaycan xalqına 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb. Tarixi ədalətin bərpasında Rəşadətli Azərbaycan Ordusunun gücünü, qüvvətini, nümayiş etdirdiyi peşəkarlığı təqdir edib. O, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda igid əsgərlərimizin döyüş meydanında göstərdiyi cəsarəti, şücaəti fəxrlə qeyd edib.
Məktubun sonunda Şamil Ayrım dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin əbədi olması diləklərini çatdırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi