İtaliya senatorları ərazi bütövlüyümüzün bərpasının birinci ildönümünü sevinclə qarşılayırlar
Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibəti ilə İtaliya senatorları – Deputatlar Palatasının üzvü, ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, İtaliya Senatında hakim “5 Ulduz Hərəkatı” Partiyasından olan senator Canluka Kastaldi və Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayaraq ən xoş arzularını bildiriblər.
Hər 3 məktubda senatorlar BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibətilə ən səmimi arzularını bölüşüblər.
Məktublarda italyan senatorlar Azərbaycanı regional lider, bölgədə əsas və həlledici rola malik ölkə kimi qiymətləndiriblər.
Paolo Qrimoldi və Canluka Kastaldi münaqişələrin və müharibələrin keçmişdə qaldığını qeyd edərək bütün regionda sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün vacib olan davamlı sülhün bərqərar olunacağına ümidvar olduqlarını bildiriblər.
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi başçılıq etdiyi Dostluq Assosiasiyasının bütün üzvləri adından həmkarı Azər Kərimliyə ən səmimi arzularını çatdıraraq regionun lider dövləti kimi Azərbaycanın bölgədə əmin-amanlıq, təhlükəsizlik və tərəqqi üçün ilkin şərt olan davamlı sülhü təmin edəcəyinə əminliyini vurğulayıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi