Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx Azərbaycan xalqını təbrik edib

Tədbirlər
08 noyabr 2021 | 14:26   
Paylaşın:        

 

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyx tərəfindən daxil olan  məktubda o, Azərbaycanın dostu kimi bugünlərdə qeyd etdiyimiz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə təbriklərini çatdıraraq, bunun ölkəmizin həyatında mühüm və qürurverici mərhələ olduğunu söyləyib. O, son 30 il ərzində xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən, dövlətimizin tərəqqisindən məmnunluğunu ifadə edib.

Lord Şeyx Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli ticarət  əlaqələrinin inkişafından danışaraq, bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Əlaqələrimizin hər iki ölkə üçün  strateji baxımdan faydalı olduğunu deyib.

Böyük Britaniya Lordlar Palatasının üzvü digər parlamentarilərlə birgə Azərbaycanı ədalətli mübarizəsində qətiyyətlə dəstəklədiklərini vurğulayıb. O, deyib: “Bu, xüsusilə Dağlıq Qarabağda baş vermiş son münaqişəyə aiddir. Bu zaman ölkəniz haqlı olaraq sizə məxsus olanı geri qaytarmaq üçün hərəkətə keçdi”.

Daha sonra Lord Şeyx Azərbaycanın uğurla inkişaf etdiyini söyləyərək, ölkəmizin regionda stabilliyin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, ölkədə xalqın rifahı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məktubda ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU