Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Milli Məclis sədrinin müavini Adil Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib
Qazaxıstan Respublikasının Parlamenti Məclisi sədrinin müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Balaim Kesebayeva Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevə 8 noyabr – Zəfər Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Məktubda Qazaxıstan parlamentinin vitse-spikeri Azərbaycan Respublikasının əldə etdiyi Qələbə, ərazi bütövlüyümüzün bərpa edilməsinin birinci ildönümü ilə əlaqədar səmimi təbriklərini çatdırıb. O, Azərbaycanın tarixi Zəfərinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, bölgədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Balaim Kesebayeva Qazaxıstan və Azərbaycan arasında münasibətlərin əsasında yüksək səviyyəli siyasi dialoqun olduğunu qeyd edərək, iki ölkə parlamentləri arasında əməkdaşlığın xalqlarımızın mənafeyi naminə bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi