Zəfər Günü münasibətilə Milli Məclisə təbrik məktubları gəlməkdə davam edir
Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının birinci ildönümü – Zəfər Günü münasibəti ilə Milli Məclisə ünvanlanan təbrik məktublarında dostluq duyğuları ifadə olunur, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulanır, ölkəmizin haqlı mübarizəsində qazandığı Qələbə – Azərbaycanın əzəli torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü təmin etməsi dəstəklənir. Ölkəmizlə dostluq və əməkdaşlığın, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminlik bildirilir.
Milli Məclisin komitə sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayevaya Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi Murtəza Caved Abbasi, Pakistan Senatında Kommunikasiya üzrə daimi komissiyanın sədri, senator Şahzadə Əhməd Ömər Əhmədzai, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, Özbəkistan Yazıçılar Birliyinin üzvü Gülbaxor Səidqəniyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, İraq Respublikası Nümayəndələr Şurası Bürosunun nümayəndəsi Fevzi İkram Səmin tərəfindən ünvanlanan məktublarda da Azərbaycan xalqına və Milli Məclisə ən xoş arzular öz əksini tapıb. Bu şanlı Zəfərin bütün Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunduğu bildirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi