Moskvada Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Tədbirlər
10 noyabr 2021 | 11:16   
Paylaşın:        

Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində rəsmi qəbul keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş tədbirdə Milli Məclisi Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və deputat Emin Hacıyev təmsil ediblər. Rəsmi qəbula, həmçinin Türkiyə, Pakistan, İsrail və Qazaxıstanın Moskvada akkreditə olunan səfirləri, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri qatılıblar.

Yığıncaqda əvvəlcə Qarabağ uğrunda müharibədə həlak olmuş qəhrəman  şəhidlərimizin əziz xatirəsi yad edilib.

Sonra tədbirdə 44 günlük Vətən müharibəsi barədə danışılıb. Bildirilib ki, Qarabağ uğrunda mübarizədə əsgərlərimiz böyük ruh yüksəkliyi və inamla döyüş meydanlarında şücaət göstərdi, xalqımız arxa cəbhədə öz həmrəyliyini nümayiş etdirdi. Nəticədə erməni işğalçıları məğlubiyyətə uğradıldı və Azərbaycan 30 il erməni işğalı altında olan öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın Şanlı Zəfərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində əldə edildiyi vurğulanıb. Qeyd edilib ki, müharibənin bitməsi regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, hazırda Qarabağda bərpa və yenidənqurma işləri sürətlə aparılır. Yollar salınır, hava limanları, yeni infrastruktur obyektləri inşa edilir, bu yerlərdən müvəqqəti didərgin düşmüş insanların öz doğma yurdlarına qayıtması üçün bütün zəruri tərbirlər həyata keçirilir.

Tədbir iştirakçıları Azərbaycanın Qələbəsinin ildönümü ilə bağlı ürək sözlərini söyləyərək, 8 noyabr – Zəfər günü münasibəti ilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU