İslamabadda 8 noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib
Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibəti ilə Pakistan İslam Respublikasının paytaxtı İslamabadda rəsmi qəbul keçirilib.
Ölkəmizin Pakistandakı səfirliyinin nəzdində Hərbi ataşe aparatının təşkil etdiyi tədbirdə Milli Məclis tərəfindən deputat Mahir Abbaszadə təmsil olunub. Qəbulda Pakistan Silahlı Qüvvələrinin 30-dan çox generalı, hökumət nümayəndələri, parlament üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri və hərbi attaşeləri, digər diplomatlar, Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
8 noyabr - Zəfər gününə həsr olunmuş tədbirdə Qarabağ uğrunda müharibədə şəhid olmuş qəhrəman Azərbaycan oğullarının xatirəsi yad edilib. Toplantıda bildirilib ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Yığıncaqda Qarabağ uğrunda Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin əhəmiyyəti qeyd olunub, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq münasibətlərindən bəhs edilib.
Mərasimdə Vətən müharibəsinə və Zəfər Gününə dair müxtəlif videoçarxlar, stendlər nümayiş etdirilib, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər, Azərbaycan Ordusunun zəfər simvolu kimi tanınan nişanlar tədbir iştirakçılarına paylanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi