Bahar Muradova: “AZƏRBAYCANA YUVENAL ƏDLİYYƏ LAZIMDIR.”

Tədbirlər
20 noyabr 2012 | 05:11   
Paylaşın:        

Ümumdünya Uşaqlar günü və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümü münasibətilə noyabrın 20-də Milli Məclisdə yuvenal ədliyyə sisteminin inkişafına həsr olunmuş dəyirmi masa keçirildi. Azərbaycan parlamentinin bu tədbiri BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə təşkil olunmuşdu.
Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə uşaqlara daim qayğıkeşliklə yanaşıldığını, mövcud problemlərin həllinə səy göstərildiyini qeyd etdi.  Bildirdi ki, son illər yuvenal ədliyyə məsələsi Azərbaycanda dövlət hakimiyyəti orqanlarının və parlamentin diqqət mərkəzində olub. Əlaqədar qurumlar  məsələyə həssaslıqla yanaşırlar və sistemin qanunvericilik bazasının formalaşması istiqamətində lazımi işlər görülür.
Parlament rəhbərliyi adından iştirakçıları salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova onların işinə uğurlar arzuladı. Tarixən bu sahədə qəbul edilmiş sənədlərdən söz açan vitse-spiker dedi ki, demokratik cəmiyyət quruculuğunda uşaq hüquqları önəmli yer tutur. 1959-cu ildə “Uşaq Hüquqları haqqında Bəyannamə” qəbul edilsə də, həmin sənəd ölkələr və dövlətlər üzərinə hansısa məsuliyyət qoymurdu. Bu vacib məqam 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasında müəyyənləşdi. Cəmi üç il sonra – 1992-ci ildə Azərbaycan həmin Konvensiyaya qoşuldu və bu beynəlxalq sənədin müddəaları milli qanunvericiliyimizin tərkib hissəsinə çevrildi. Uşaq hüquqları bizim Konstitusiyamızda da təsbit olunub.
Vitse-spiker Bahar Muradova son iyirmi ildə görülən işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, ötən müddətdə Azərbaycanda ixtisaslaşmış məhkəmələr yaradılıb, ayrı-ayrı məhkəmə instansiyalarında, həmçinin polis orqanlarında uşaq cinayətlərinə xüsusi yanaşma  formalaşdırılıb. Bu işdə hökumət, parlament, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri, xüsusilə UNİCEF və ATƏT mühüm rol oynayıblar.
Bahar Muradova Milli Məclisdə keçirilən tədbirlərdən danışdı, yuvenal ədliyyə haqqında qanun layihəsinin hazırlandığını qeyd etdi. Bu sahədə Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Sosial siyasət komitələrinin işini yüksək dəyərləndirdi. O öz çıxışında yuvenal ədliyyənin tətbiqində rast gəlinən problemlərə də toxundu. Təkliflərini dəyirmi masaya toplaşanların diqqətinə çatdırdı. Vurğuladı ki, Azərbaycana yuvenal ədliyyə lazımdır.
Sonra ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsinə dair ölkəmizdə həyata keçirilən proqram və layihələrin səmərəsindən danışdı. Bildirdi ki, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsinə həmin sənədlərdə xüsusi yer ayrılıb.
Dəyirmi masada fikirlərini bölüşən BMT-nin Uşaq Fondunun ölkəmizdəki nümayəndəsi Mark Herevard dedi ki, Azərbaycanda işləmək çox xoşdur, çünki burada böyük inkişafın, potensialın şahidi oluruq. UNİCEF-in təmsilçisi 2009-cu ildən başlayaraq yuvenal ədliyyə sisteminin formalaşması istiqamətində görülən işləri qeyd etdi. Azərbaycanda aparılan hüquqi islahatları, insan hüquqlarının müdafiəsinə dair proqramları yüksək qiymətləndirdi. Əminliyini vurğuladı ki, yuvenal ədliyyə ölkəmizdə aparılan islahatların tərkib hissəsinə çevriləcək.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay təmsil etdiyi qurumun bu istiqamətdə Azərbaycanda görülən işləri dəstəklədiyini bildirdi. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2009-cu ildə Milli Məclisdə “Azərbaycan qanunvericiliyində uşaq hüquqları” adlı kitab hazırlandığını və çap olunduğunu yada saldı. Hazırda UNİCEF-lə birgə bir sıra zəruri qanunvericilik aktlarının layihəsi üzərində iş aparıldığını dedi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verdi ki, bu komitədə hazırlanmış yuvenal ədliyyə haqqında qanunun işlək sənəd olmasına çalışırıq. Tədbirdə yuvenal ədliyyə islahatının əhəmiyyətindən danışan BMT-nin Uşaq Hüquqları Komitəsinin sabiq sədri Yap Doek bu sahədə beynəlxalq təcrübə və mövcud qanunvericilik barədə mülahizələrini bölüşdü. Dəyirmi masada Uşaq Hüquqları üzrə QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev Azərbaycanda yuvenal ədliyyə sahəsində mövcud durumu təhlil edərək, bu sistemin tətbiqi üzrə konkret təkliflərini açıqladı.
Dəyirmi masa ətrafında aparılan müzakirələri yüksək dəyərləndirən  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, parlamentdə hazırlanmış müvafiq qanun layihəsi deputatlar və hüquqşünaslar tərəfindən məqbul sayılır, məsələyə dair ziddiyyətli mövqelər yoxdur, layihə rəy üçün müvafiq dövlət orqanlarına göndəriləcək. Bununla da müzakirələrə yekun vuruldu.

 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU