Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya məktub göndərib

Tədbirlər
10 noyabr 2021 | 19:17   
Paylaşın:        

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert Milli Məclisin sədri Sahibə Qafarovaya və parlamentin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədova məktub ünvanlayıb.

Məktubunda Jerom Lambert Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış uğurlu müharibə nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik  işğalına son qoyulmasını Azərbaycan xalqı üçün uzun və üzücü bir dövrün başa çatması kimi xarakterizə edib.

Münaqişənin mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmasından təəssüflə söz açan Jerom Lambert Gəncədə olarkən erməni raketlərinin atəşinə məruz qalmış məhəllələri öz gözü ilə gördüyünü qeyd edib.

Məktub müəllifi bütün bu illər ərzində mülki vətəndaşların kütləvi yerdəyişməsinə gətirib çıxaran müharibələri və faciələri indi bütün regionun tərəqqisinə aparan yeni eranın əvəz etdiyini bildirib. Fransalı deputat azad edilmiş ərazilərə səfəri zamanı bərpa dövrünün başlandığının şahidi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin yenidən qurulması  və yurdlarından didərgin salınmış əhalinin qayıdışı üzərində iş getdiyini deyib.

O, məktubunda keçdiyi sınaqlardan daha da güclənərək çıxan Azərbaycanın və etnik mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların daha parlaq gələcəyinə inandığını ifadə edib.

Sonda Jerom Lambert Azərbaycan parlamentinin sədrini və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbərini Fransa-Azərbaycan dostluq qrupunun xalqlarımız arasında sülhün qorunması  və münasibətlərin ahəngdar inkişafının təmin olunması üçün çalışacağına əmin edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU