Azərbaycanın Zəfər günü Pakistan İslam Respublikasının Milli Assambleyasında təntənəli şəkildə qeyd olunub

Tədbirlər
11 noyabr 2021 | 16:55   
Paylaşın:        

Pakistan Milli Assambleyasında  Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.

Tədbirdə Pakistan İslam Respublikası Milli Assambleyası sədrinin müavini Qasım Xan Suri, Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq qrupunun rəhbəri Murtaza Cavid Abbasi, Azərbaycan Milli Məclisinin deputatı Mahir Abbaszadə, Azərbaycanın və Türkiyənin Pakistandakı səfirləri və Pakistan İslam Respublikası Milli Assambleyasının üzvləri  iştirak ediblər.

Azərbaycan, Pakistan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov qonaqları salamlayaraq Pakistan Milli Assambleyasının rəhbərliyinə Zəfər Günü ilə əlaqədar təşkil etdikləri tədbirə görə təşəkkürünü bildirib.

Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyininin dost və qardaş ölkələr tərəfindən dəstəkləndiyini ifadə edən Xəzər Fərhadov, qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyinin ilk gündən xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Pakistan Senatının və Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq siyasətini pisləyən, ölkəmizin haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul etdiyini xüsusi qeyd edərək, Vətən müharibəsi zamanı ölkəmizə göstərilmiş dəstəyə görə Pakistan hökumətinə, Senatına, Milli Assambleyasına və xalqına dərin təşəkkürünü ifadə edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdıraraq  Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistanın bu illər ərzində hər zaman ölkəmizi dəstəklədiyini , bu dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib. Deputat Vətən müharibəsi zamanı Pakistanın verdiyi mənəvi və siyasi dəstəyin dostluq və qardaşlıq rəmzi olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Pakistan Milli Assambleyası sədrinin müavini Qasım Xan Suri, Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq qrupunun rəhbəri Murtaza Cavid Abbasi, Türkiyə Respublikasının Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Türkiyə və Pakistanın hər zaman qardaş Azərbaycan xalqının yanında olacağını diqqətə çatdıraraq qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik etmişlər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU