Tbilisidə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Tədbirlər
11 noyabr 2021 | 16:58   
Paylaşın:        

Azərbaycanın Gürcüstandakı səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirliyin foyesində Zəfər Günü və 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotosərgi açılıb.

Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev, SOCAR prezidenti Rövnəq Abdullayev, Gürcüstan parlamentinin deputatları, diplomatik korpusun nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Faiq Quliyev çıxışında Azərbaycanın müstəqillik dövründə üzləşdiyi problemlər, qazandığı uğurlar, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişaf perspektivləri barədə danışıb.

Bildirib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsini yerinə yetirib.

Səfir müharibə zamanı Azərbaycana göstərdiyi həmrəylik və mənəvi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına, Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməsinin ildönümü münasibətilə təbriklərini çatdırıblar, Azərbaycan dövlətinə və xalqına uğurlar arzulayıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU