Milli Məclisdə görüş

Tədbirlər
11 noyabr 2021 | 18:09   
Paylaşın:        

Noyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Zəfər Günü ilə əlaqədar səmimi duyğularını bölüşüb. Qeyd edib ki, Azərbaycanla Türkiyənin münasibətlərinin gücləndirilməsində hər iki ölkənin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.  44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə birmənalı mənəvi-siyasi dəstək verməsi qürurverici haldır.

Bildirilib ki, işğal olunmuş ərazilərin azad edilməsi ölkəmizin iqtisadiyyatının genişlənməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir. Bu gün Azərbaycanda xarici  investisiyalar  üçün, xüsusən də qardaş Türkiyə üçün bu sahədə geniş imkanlar mövcuddur.  

Görüşdə Tahir Mirkişili Azərbaycan dövlət başçısının fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasından danışıb. Bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resursları, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialı mühüm əhəmiyyətə malikdir.

Görüşdə iştirak edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Mahir Abbaszadə və Anar Məmmədov iki ölkə arasındakı iqtisadi münasibətlərdən, strateji tərəfdaşlıq əlaqələrindən danışıblar.

Səmimi qəbula görə təşəkkürünü bildirən TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bir daha Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıb. Vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik. Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə parlamentlərarası münasibətlərdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur O, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib.

Şamil Ayrımın bir sıra sahələrə investisiya qoyuluşunun əhəmiyyətindən söz açıb. Həmçinin iş adamlarının işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlı olduqlarından danışıb.

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU