MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
21 noyabr 2012 | 10:11   
Paylaşın:        
 Noyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Deputatlar birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.
Əvvəlcə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair, həmçinin qardaş ölkənin Hökuməti ilə Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Sazişlər barədə məlumat verdi. Valeh Ələsgərov bildirdi ki,  bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq. Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac var idi. Artıq aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq. Vitse-spiker dedi ki, yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. Artıq Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atıb. Valeh Ələsgərov diqqətə çatdırdı ki, təqdim olunan hər iki saziş iki ölkə üçün də çox əhəmiyyətlidir. Həmin sazişlərin birincisi İzmirdə, ikincisi isə Ankarada imzalanıb. Sazişdə qaz kəmərinin inşası ilə bağlı bütün şərtlər, tədbirlər əhatə olunub. Vergi məsələsi, nəqletmə tarifləri, gömrük rüsumları öz əksini tapıb. Bu layihəyə qoyulan sərmayələr Türkiyədə qəbul edilmiş qanunvericiliyə uyğundur və sərmayəçilər müvafiq imtiyazlar, güzəştlər əldə edə bilərlər. Sazişdə göstərilir ki, Azərbaycan Respublikası Türkiyəni ilkin olaraq “Şahdəniz”in ikinci mərhələsindən 6 milyard kubmetr təbii qazla təmin etməyi, Türkiyə tərəfi isə Azərbaycandan illik olaraq 6 milyard kubmetrə qədər ikinci mərhələ qazını satın almağa dair öhdəlik götürüblər. Bu sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər. 
Valeh Ələsgərov onu da bildirdi ki, bu saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır. Bu sənəd Xəzər regionu üçün bəlkə də Bakı-Tbilisi-Ceyhan layihəsi qədər önəmli bir layihədir və əminəm ki, Azərbaycan iqtisadiyyatının inkişafı, ölkənin regionda qüdrətinin daha da artırılması üçün mühüm əhəmiyyətə malikdir. Valeh Ələsgərov qeyd etdi ki, qaz Azərbaycanın təbii sərvəti olduğuna görə, bu qazın satışı ilə bağlı digər məsələlərin tənzimlənməsində Azərbaycan nəzarət hüququnu saxlayır.
Sazişlərlə bağlı müzakirələrdə çıxış edən deputatlar bu sənədlərin ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğuladılar və qanun layihələrini səsə qoyaraq təsdiq etdilər.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Birgə Bəyanatı da təsdiq edildi. Bildirildi ki, 2012-ci il iyulun 12-də Bakı şəhərində imzalanmış bu sənəd iki ölkə arasında bir sıra sahələrdə  əməkdaşlığın inkişafına xidmət edir.
Sonra deputatlar Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında, həmçinin təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında sazişləri və iki ölkə arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramını da təsdiq etdilər. 
İclasda Cinayət-Prosessual Məcəlləsinə, “Dövlət rüsumu haqqında” və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunlara da dəyişikliklər edildi.
Deputatlar Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında məsələni də müzakirə etdilər. Bildirildi ki, ehtiyac yarandığına görə, Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan torpaq sahəsindən cəmi 2100 hektar torpaq sahəsinin Qəbələ şəhərinin inzibati ərazisinə verilməsi təklif olunur.
Millət vəkilləri sənədi səsə qoyaraq qəbul etdilər və bununla da Milli Məclisin iclası başa çatdı. 

 

Milli Məclisin
Mətbuat xidməti    


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU