Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən mətbuat konfransı keçirib

Tədbirlər
11 noyabr 2021 | 18:00   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmən noyabrın 11-də mətbuat konfransı keçirib.

Azərbaycana səfəri çərçivəsində Şuşa və Füzuliyə səfər etdiklərini vurğulayan Bob Bləkmən deyib: “Zəfər yolu ilə getdikcə işğal dövründə Azərbaycanın yaşayış məntəqələrinin necə dağıldığını gördük. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri ilə də tanış olduq. Şuşada olarkən şəhərin şöhrətini qaytarmaq üçün qısa müddətdə görülən işlərin şahidi olduq. İnanırıq ki, Azərbaycan qısa müddətdə Şuşanın şöhrətini qaytarmağa nail olacaq”.

Azərbaycanın xristian məbədlərinə hörmətlə yanaşdığını vurğulayan britaniyalı deputat bildirib ki, Azərbaycan Ordusu müharibə dövründə də yalnız hərbi hədəflərə atəş açıb, mülki obyektlərin ziyan görməməsinə çalışıb. O, Qarabağın azad edilməsinin regionda sülhün bərqərar olmasına səbəb olacağına ümid etdiyini deyib.

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, həmçinin Azərbaycan xalqını müstəqilliyin bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu söyləyib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU