Azərbaycan və Malayziya parlamentarlarının onlayn görüşündə əməkdaşlıq imkanları müzakirə olunub

Tədbirlər
12 noyabr 2021 | 16:45   
Paylaşın:        

Noyabrın 12-də Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Malayziya Parlamenti Nümayəndələr Palatasındakı Malayziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə onlayn videokonfrans formatında görüş keçiriblər. Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Malayziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Dato Hacı Mohd Rəşid bin Hasnon, Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov iştirak ediblər.

 Videokonfransı açan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın salamlarını görüş iştirakçılarına çatdırıb və uğurlar arzulayıb.

Dost Malayziya ilə parlamentlərarası əməkdaşlığın inkişafına böyük önəm verdiyimizi bildirən birinci vitse-spiker qarşılıqlı səfərləri aktivləşdirməyin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyin, dostluq qrupları arasında peşəkar əlaqələri yaxşılaşdırmağın vacibliyini qeyd edib.

Bu həftə Azərbaycanda müstəqillik dövrümüzün ən mühüm tarixini – Zəfər Gününü qeyd etdiyimizi bildirən Əli Hüseynli vurğulayıb ki, Ermənistan hökumətinin illər boyu davam edən düşünülmüş siyasi və hərbi təxribatları Vətən müharibəsinə səbəb oldu. Nəticədə Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərində Ermənistana qarşı əks-hücuma keçdi. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini uğurla icra etdik, ərazi bütövlüyümüzü haqlı olaraq bərpa etdik, Ermənistanı məğlub etdik. Bu, Prezidentimizin və Ordumuzun hərbi qələbəsi idi.

Milli Məclis sədrinin birinci müavini malayziyalı parlamentarların diqqətinə çatdırıb ki, Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, daha sonra Ermənistan Azərbaycan ərazilərinin qalan hissəsindən – Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur oldu. Bu da bizim siyasi qələbəmiz idi.

Əli Hüseynli məlumat verib ki, işğal dövründə o ərazilərdəki İslam abidələri –  onlarca məscid, türbələr, ibadət yerləri, mədəniyyət binaları erməni vandalizminin hədəfinə çevrilib. Ermənistanın işğalı zamanı məscidlər donuz və mal-qara üçün tövlələrə çevrilib. Bildirib ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə, həm İslam dəyərlərini və həm də xalqın ləyaqətini qorumuş oldu.

Artıq Qarabağ münaqişəsinin keçmişdə qaldığı, Prezident sərəncamıyla ö bölgələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradıldığı videokonfrans iştirakçılarının nəzərinə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinin aparıldığı, Zəngəzur dəhlizi vasitəsilə region ölkələri, o cümlədən Ermənistan üçün yeni tranzit imkanlarının yarandığı bildirilib.

Milli Məclisin birinci vitse-spikeri Vətən müharibəsi zamanı Malayziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bərpasına verdiyi siyasi dəstəyi yüksək qiymətləndirdiyimizi vurğulayıb.

Videokonfransda Malayziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Dato Hacı Mohd Rəşid bin Hasnon təmsil etdiyi qurumun parlamentarları adından bu görüşün təşkilinə görə Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna təşəkkürünü bildirib, Azərbaycana dəvətə görə minnətdarlıq edib. Azərbaycan xalqının Zəfər bayramı – 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin birinci ildönümü münasibəti ilə dövlətimizə və xalqımıza təbriklərini çatdırıb.

Dato Hacı Mohd Rəşid bin Hasnon sülh və qarşılıqlı etimad əsasında ikitərəfli əlaqələrin qurulmasına hər zaman dəstək verdiklərini, xüsusilə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib. Ölkələrimiz arasında uzun müddətdən bəri iqtisadi əlaqələrin mövcudluğundan, neft-qaz sahəsindəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. Ermənistanın işğal dövründə dağıtdığı bölgələrdə hazırda Azərbaycan dövlətinin apardığı quruculuq işlərindən söz açaraq  məscidlərin və dini abidələrin bərpasında Malayziya qurumlarının da iştirak etmək istədiklərini diqqətə çatdırıb.     

Onlayn görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov ölkələrimiz arasında siyasi, iqtisadi və strateji münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yeni reallıq formalaşıb. Azərbaycanın haqq işinə dəstək verən ölkələr işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesində iştirak edirlər, növbəti mərhələdə isə investisiya qoyuluşlarını həyata keçirəcəklər. Təbii ki, Azərbaycan ərazi bütövlüyünün bərpası kimi haqq işində ona dəstək vermiş Malayziyanın da şirkətlərinin işğaldan azad olunmuş Qarabağa və ətraf bölgələrə investisiya qoymasında maraqlıdır.

2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin iki dəfə artdığını qeyd edən Vüqar Bayramov həm ticari, həm də iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensialın mövcud olduğunu bildirib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası sahəsində həyata keçirilən dərinləşmiş islahatlardan söz açıb, qeyri-neft sektorunun inkişaf etdirilməsi və neftdən asılılığın aradan qaldırılması istiqamətində son illər əldə olunmuş uğurlardan danışıb. Bildirib ki, hazırda ÜDM-in 70 faizə qədəri qeyri-neft sektorunun payına düşür.

Bütövlükdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayan işçi qrupun rəhbəri qeyd edib ki, Malayziya da neft ölkəsidir, sözü gedən islahatlarla bağlı Azərbaycan nümunəsinin tətbiq olunması və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığımız da faydalı olar.

Videokonfransda Malayziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Mamun bin Sulaiman Azərbaycana səfəri səbirsizliklə gözlədiklərini, ölkəmizlə yaxından tanış olmaq istədiklərini bildirib. Həmçinin  azərbaycanlı həmkarlarını Malayziyada görmək arzularını diqqətə çatdırıb. Parlament əlaqələri ilə yanaşı, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığa böyük maraq göstərdiklərini vurğulayıb.  

Görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Emin Hacıyev malayziyalı deputatlara Azərbaycanda yürüdülən dövlət gənclər siyasəti barədə məlumat verib. Parlamentdə gənclərin geniş təmsil olunduğunu bildirib. Azərbaycan gənclərinin ölkə daxilində və beynəlxalq təşkilatlarda fəaliyyətindən söz açıb.

Onlayn görüşdə Malayziya deputatlarını maraqlandıran suallara cavab verilib.

Yekunda Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov fikirlərini bölüşüb.

Videokonfransda Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Aydın Hüseynov, Elşən Musayev və Cəbi Quliyev də iştirak ediblər.  

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU