SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
29 noyabr 2012 | 02:11   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi ətraflı müzakirə olundu.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, parlamentdə üç il öncə aparılmış ilk müzakirədən sonra bu vacib qanun layihəsi mütəxəssislərin iştirakı ilə yenidən işlənərək I oxunuşda gündəliyə salınıb. Əvvəlki layihədə mübahisə doğurmuş bir sıra müddəalar nəzərə alınıb.
Sonra komitənin üzvü Məlahət İbrahimqızı qanun layihəsi barədə ətraflı məlumat verdi. Dünya miqyasında qadın sağlamlığına, ana və uşaq sağlamlığına ciddi diqqət yetirildiyini deyərək hazırkı qanunun əhəmiyyətindan danışdı. Bildirildi ki, reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, istənilən vaxt və istənilən sayda sağlam uşağın doğulmasına imkan yaradır. Dörd fəsil, 22 maddədən ibarət sənəddə donorluq məsələsi də nəzərdə tutulub. Belə ki, ərin və ya arvadın donor olduğu hallar istisna olmaqla, somatik və psixi cəhətdən sağlam, ailəli, azı bir uşağı olan 35 yaşınadək kişilər və qadınlar müvafiq tibbi-genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik reproduktiv hüceyrələrin donoru ola bilərlər.
Müzakirələrdə deputatlar Əhliman Əmiraslanov, Qənirə Paşayeva, Yaqub Mahmudov qanun layihəsi ilə bağlı bir çox vacib məqamlara toxundular, konkret təkliflər irəli sürdülər. Çıxışlarda ailələrin xoşbəxtliyini və sarsılmazlığını, eləcə də genetik fondumuzu qorumaq üçün sonsuzluğa qarşı tibbin imkanlarından, yəni ekstrakorporal mayalanmadan (süni mayalanma) qanuni yolla istifadə edilməsinin tənzimlənməsi zərurəti vurğulandı. Bu məsələyə dövlət nəzarətinin vacibliyi qeyd olundu. Cəmiyyətin maarifləndirilməsi baxımından qanun layihəsinin ictimai müzakirəyə verilməsi məqsədəuyğun sayıldı.
İclasda iştirak edən sahə mütəxəssisləri, mama-ginekoloqlar rəylərini bildirdilər. Müzakirələrin yekununda işçi qrupa tapşırıldı ki, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi komitədə səslənmiş təkliflər əsasında daha da təkmilləşdirilsin və növbəti müzakirədən sonra Milli Məclisin plenar iclasına təqdim olunsun.
Sonra Sosial siyasət komitəsində “Həmkarlar İttifaqları haqqında” qanunda redaktə xarakterli dəyişiklik edilməsi məsələsinə baxıldı və həmin qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olundu. 

 

 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU