Milli Məclisdə görüş

Tədbirlər
12 noyabr 2021 | 17:38   
Paylaşın:        

Noyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.

Hicran Hüseynova həmkarını salamlayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlərin əsl qardaşlıq ruhuna dayanaraq hər zaman irəlilədiyini bildirib. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə bizə siyasi-mənəvi dəstək verərək yanımızda oldu və bütün dünyaya bu qardaşlığın həmişə davam edəcəyini göstərdi.

Həmçinin qeyd edilib ki, iki qardaş ölkə bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurub. Dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri dövlətlərimiz arasındakı birliyin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq, əlaqələrimizi uğurla inkişaf etdirirlər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür.

Daha sonra isə komitələr arasında fikir mübadiləsi aparılaraq, görülən işlər haqqında ətraflı danışılıb və gələcəkdə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə fəaliyyət istiqaməti müəyyən edilib.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU