Nizami rayonunda Zəfər Günü qeyd edilib

Tədbirlər
13 noyabr 2021 | 13:47   
Paylaşın:        

Nizami rayonunda Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsinə inşa edilmiş “Şəhidlər bulağı”nın açılışı olub.

Sonra Nizami rayonunun Şəhidlər Xiyabanında davam etdirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Nizami rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zamanda - 44 gün ərzində möhtəşəm Zəfər qazanılıb. Qeyd olunub ki, dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Vurğulanıb ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs salıb və şəhidlərimiz, qazilərimiz qanı, canı bahasına Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib.

Tədbirdə şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülüb, xatirələri böyük ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Şəhid ailələri, qazilər bir daha onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU