Suraxanıda şəhid Qardaşxan Əhmədlinin adına bulağın açılışı olub
Vətən müharibəsi şəhidi Qardaşxan Elxan oğlu Əhmədlinin adının əbədiləşdirilməsi məqsədilə onun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinin Südçülük sovxozu adlandırılan yaşayış sahəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidin doğmaları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasimdə vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev şəhidin keçdiyi döyüş yolundan söz açaraq şəhadətin Vətən və millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvə olduğunu vurğulayıb.
Qeyd edək ki, Qardaşxan Əhmədli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi