Deputat Pərvin Kərimzadə Gəncədə şəhidlərin anım günlərində iştirak edib
Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız baş leytenant Elşən Sabir oğlu Abdullayevin, leytenant Qəzənfər Habil oğlu Məmmədovun və əsgər Rəşad İlqar oğlu Ələkbərovun anım günlərində iştirak edib, ailə üzvlərinə başsağlığı verib. Tədbirlərdə şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, Abdullayev Elşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Qəzənfər Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Rəşad Ələkbərov isə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
* * *
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən qəhrəman oğullarımız - Taleh Qənimət oğlu Mustafazadənin və Nurhan Əlastan oğlu Abbasovun Gəncə şəhərində ildönümü mərasimi keçirilib.
Anım tədbirlərində deputat Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının nümayəndələri və partiya fəalları, şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, üzərlərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub. Mərasimdə tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərərək canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrinin xalqımızın yaddaşında əbədi qalacağı qeyd olunub. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Taleh Mustafazadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə, Nurhan Abbasov isə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi