Sumqayıtın Şəhidlər Xiyabanında qalib əsgər abidəsinin açılışı olub
Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində yenidən qurulan Sumqayıt Şəhidlər Xiyabanında qalib əsgər abidəsinin açılışı olub.
Tədbirdə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, deputatlardan Müşfiq Məmmədli, İmamverdi İsmayılov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zəngilan rayon İcra Hakikiyyətinin başçısı Ramiz Həsənov, Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, şəhid ailələrinin üzvləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Qalib əsgər abidəsinin açılışı olub, çıxışlar səslənib.
Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaradıb. Qeyd olunub ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrilib. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaradıb, qəhrəmanlıq salnaməsi yazıb.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər, xatirələrini ehtiramla anıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi