Biləsuvarda şəhidlərimiz yad edilib
Vətən müharibəsinin Biləsuvardan olan şəhidləri - baş leytenant Xalid Həsən oğlu Gözəlovun və Xəyal Şakir oğlu Nurinin anım günləri keçirilib.
Tədbirlərdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, şəhidlərin ailələri, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım mərasimlərində şəhid Xəyal Nurinin Ağayrı kəndində ailəsi ziyarət edilib, başsağlığı diləkləri çatdırılıb, şəhidin xatirəsi yad olunub.
Şəhid baş leytenant Xalid Gözəlovun isə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılıb, onlar haqqında xatirələr dilə gətirilib. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Qeyd edək ki, 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlmiş Xalid Həsən oğlu Gözəlov 2020-ci i il sentyabrın 27-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
1997-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində doğulmuş şəhid Xəyal Şakir oğlu Nuri isə 44 günlük haqq savaşımızda noyabrın 4-də qəhrəmancasına şəhid olmuş və Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi