Göygöl rayonunda şəhidlərin xatirəsi yad edilib
Deputat Elşad Mirbəşir oğlu Göygöl rayonunun Qızılqaya qəsəbəsində Şəhid Bayramov Elcan Qoşqar oğlunun anım günündə iştirak edib. Anım günündə rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Göygöl rayonunun Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, bütün şəhidlərin ruhlarına dualar oxunub və Vətən uğrunda canından keçmiş igid oğulların məzarlarına gül-çiçək dəstələri düzülüb.
Anım mərasimində deputat Elşad Mirbəşir oğlu Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən danışaraq, qələbənin şəhid və qazilərimizin, mərd Vətən oğullarının igidliyi sayəsində, cənab Prezidentin uzaqgörən və ağıllı siyasətinin nəticəsində qazanıldığını vurğulayıb. Bu zəfər tarixində xalqla hakimiyyətin vəhdətinin, sarsılmaz birliyin və gücün əhəmiyyətindən danışan deputat bu gün də milli maraqlarımızı hər şeydən üstün tutan bir liderin rəhbərliyi altında daha güclü bir Azərbaycan naminə igid və mərd Vətən övladlarının yetişdiyi bu ölkənin daha da işıqlı gələcəyə doğru addımladığını qeyd edib.
Mərasimdə adı şanlı zəfər tariximizə yazılmış Göygöl şəhidi Bayramov Elcan Qoşqar oğlunun həyat və döyüş yolundan da danışılıb. 2001-ci ilin avqust ayında anadan olmuş şəhid Elcan Bayramov ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin doğmaları və döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər.
Mərasimdə şəhid ailələri və qazilər hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdikləri üçün razılıqlarını bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi