Sumqayıtda Vətən müharibəsi şəhidi Abdalov Nurlan Faiq oğlunun anım mərasimi keçirilib
Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Abdalov Nurlan Faiq oğlunun anım mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili bildirib ki, xalqımızın qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Deputat qeyd edib ki, təqvimdə bir çox bayramlar var, amma ilk dəfə olaraq bu ildən başlayaraq xalqımız Zəfər bayramını qeyd edəcək. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz bu Zəfər məhz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində reallaşdı.
Anım mərasimində şəhidlərimizin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi