Bakının Xətai rayonunda və Ramana qəsəbəsində şəhidlərin ailələri ziyarət edilib
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Vətən müharibəsi şəhidləri - polkovnik-leytenant Sədi Süleyman oğlu Musayevin və baş leytenant Tural Ələmdar oğlu Əsgərlinin Bakının Xətai rayonunda və Ramana qəsəbəsində yaşayan ailələrini ziyarət edib.
Şəhid ailələri ilə söhbət zamanı Səttar Möhbalıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını diqqətə çatdırıb.
AHİK sədri fəxrlə bildirib ki, torpaqlarımızın azad olunmasında iştirak edən zabitlərimizin əksəriyyəti vaxtilə Ulu öndərin təşəbbüsü ilə yaradılan hərbi məktəblərimizin yetirmələridir. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yüzlərlə yetirməsi olan zabitlər Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək xalqımızın 30 illik həsrətinə son qoyublar.
Səttar Möhbalıyev şəhidlərimizin şücaətindən söz açıb, onların doyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğurunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Sədi Musayev Azərbaycanın ərazi bütövlünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sədi Musayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğurunda”, “Füzulinin azad olunmasına görə” və “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sədi Musayevin bizə əmanət qoyub getdiyi bir oğul və bir qız övladı hər zaman diqqətimizdədir.
Baş leytenant Tural Əsgərli isə 44 günlük Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğurunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə qovuşub. Prezident İlham Əliyevin sərəncamları ilə baş leytenant Əsgərli Tural Ələmdar oğlu ölümündən sonra “Vətən uğurunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin iki qız övladı yadigar qalıb.
Səttar Möhbalıyev şəhid ailələrinin arzu və istəklərini dinləyib, problemləri ilə maraqlanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi