Deputat Musa Qasımlı Yardımlı rayonunda şəhid ailələrini ziyarət edib

Tədbirlər
19 noyabr 2021 | 17:26   
Paylaşın:        

Millət vəkili Musa Qasımlı Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyevlə birlikdə Yardımlı şəhərində Vətən müharibəsi şəhidləri - Şamil Afiq oğlu Mirzəyevin, rayonun Zevin kəndində Sirus Hamil oğlu Şirbəylinin, Sadiq Tahir oğlu Feyziyevin, Teşkan kəndində Elşən Nazim oğlu Sultanlının valideynlərini ziyarət edib.

Ziyarətlər zamanı müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin keçdiyi döyüş yolundan, onların Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərindən danışılıb.

Deputat Musa Qasımlı şəhid ailələrinin qayğıları ilə də maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə minnətdarlığını bildirib, ürək sözlərini söyləyib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü əsgər Şamil Mirzəyev Vətən müharibəsində noyabrın 8-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Şamil Mirzəyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

1996-cı il təvəllüdlü XTQ əsgəri Sirus Şirbəyli Vətən müharibəsində noyabrın 7-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Sirus Şirbəyli ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

1993-cü il təvəllüdlü gizir Sadiq Feyziyev 2013-cü ildən hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi" (1918-2018) yubiley medalı ilə təltif olunub. Vətən müharibəsində sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Sadiq Feyziyev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

2001-ci il təvəllüdlü əsgər Elşən Sultanlı oktyabr ayının 16-da Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə şəhid olub.

Elşən Sultanlı ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU