TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 23-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxildir. Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Saziş 11 maddədən ibarətdir. Sənəddə axtarış və xilasetmə regionu, tərəflərin öhdəlikləri, birgə axtarış və xilasetmə zamanı əməl edilməli olan prosedurlar və digər məsələlər öz əksini tapıb. Saziş 5 il müddətinə bağlanır və tərəflərdən biri müddətin qurtarmasına 6 ay qalmış öz etirazını bildirmirsə, sənəd avtomatik olaraq 5 il yenidən qüvvəyə minir. Birinci vitse-spiker diqqətə çatdırdı ki, bu Sazişin Milli Məclisdə təsdiq olunması ilə biz bir daha Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi müstəvidə möhkəmləndirilməsinin şahidi olacağıq.
Çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Bəxtiyar Sadıqov, Elman Məmmədov sənəd barədə fikirlərini bildirdilər. Qeyd olundu ki, bu saziş təkcə fövqəladə halları deyil, bütün sahələri əhatə edir. Yəni burada təkcə zəlzələnin yox, digər təbii fəlakətlərin nəticələrinin də aradan qaldırılması istiqamətində görülən işlər nəzərdə tutulub.
Deputatların fikirləri dinlənildikdən sonra Saziş Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti